CƏMİYYƏT
Dövlət Agentliyinin beynəlxalq əlaqələri genişlənir
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə “Türksat” şirkətinin direktoru Cenk Şen və Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryubi arasında görüşlər keçirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Türkiyə tərəfi ilə keçirilmiş görüşdə qonağa “ASAN xidmət” barədə məlumat verilib, elektron hökumət sahəsində Dövlət Agentliyi ilə “Türksat” şirkəti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Əfqanıstan tərəfi ilə keçirilmiş görüşdə 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində növbəti əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Sonra Elektron Hökumətin İnkişafı Mərkəzində təşkil olunan görüşlərdə qonaqlar mərkəzin fəaliyyəti ilə də tanış olublar.