REGİONLAR
Dövlət Baytarlıq Xidməti: Neftçalada aparılan epizootik tədbirlər başa çatmaq üzrədir
Bakı, 13 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Cari ilin ötən dövründə Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsi “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun olaraq heyvanlar arasında dabaq, nodulyar dermatit, çiçək, leptospiroz, bruselyoz, nyukasl xəstəliyinə qarşı “H” vaksini və “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövründə quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri həyata keçirilib.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkarlamaq, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə iribuynuzlu və xırdabuynuzlu heyvanlardan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də törədici qoçlarda infeksion epidedimitə görə, iribuynuzlu heyvanlar vərəmə, təkdırnaqlı heyvanlar manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkarlanmayıb.
Rayonda epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mal-qara saxlanılan binaların, qış yataqlarının və heyvan bazarının dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar Neftçalada “İnam” və “Vətən” heyvandarlıq təsərrüfatlarına baxış keçirilib, sahibkarlar tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra 600 kvadratmetr sahədə dezinfeksiya və dezinzeksiya tədbirləri icra olunub.
Qeyd edək ki, car ilin müvafiq dövründə Neftçala rayonunda 32605 kvadratmetr sahədə profilaktiki və 700 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb.
Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri Taarif Şurasının 2007-ci il 26 iyul tarixli qərarı ilə müəyyən edilmiş taarifə uyğun icra olunur.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.
Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri də həyata keçirirlər.
Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədilə hazırlıq işlərinə start verilib.