ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi tərəfindən bu il keçirilən imtahanlarda iştirakçıların sayı 393 mindən yuxarı olub
Bakı, 30 dekabr, AZƏRTAC
2020-ci il ərzində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 20-yə yaxın müxtəlif istiqamət üzrə keçirilən imtahanlarda iştirakçıların sayı 393 mindən yuxarı olub. Bundan əlavə, 8 fərqli beynəlxalq imtahanda 625 nəfər iştirak edib. Xüsusi karantin dövründə DİM tərəfindən keçirilən imtahanlar bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub. Bununla əlaqədar DİM və digər müvafiq qurumlar tərəfindən Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən təlimat hazırlanıb və imtahanlar həmin təlimata uyğun keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilin yekunlarına dair iclasda məlumat verib.
Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirilib. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarılıb və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmayıb. Həmçinin imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50 faiz azaldılıb. V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyib, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılıb. Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənlərinin də sayı azaldılıb.
Pandemiya dövründə DİM-in “Fərdi inkişafa dəstək” layihəsi çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in sosial şəbəkə kanallarında müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar yerləşdirilib.
COVID-19 infeksiyası barədə bilikləri yoxlamaq üçün “COVID-19 haqqında məlumatlılıq” testi hazırlanıb otk.az və DİM-in saytına əlavə edilib.