CƏMİYYƏT
Dövlət Məşğulluq Agentliyi vətəndaşa xəstə heyvanlar verilməsi ilə bağlı iddialara cavab verib
Bakı, 21 iyun, AZƏRTAC
Biləsuvar rayon sakini Süleyman Mahmudova Dövlət Məşğulluq Agentliyi tərəfindən xəstə heyvanlar verilməsi ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan iddialar həqiqəti əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin məlumatında bildirilir.
Məlumata əsasən, vətəndaş Süleyman Mahmudov bir müddət əvvəl öz istəyi ilə özünüməşğulluq proqramına cəlb edilib və postmüharibə tədbirləri çərçivəsində növbədənkənar şəkildə 20 qoyun, 1 qoç və 400 kiloqram yem ilə təmin olunub.
S.Mahmudova aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim akti tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb. Heyvanlar vətəndaşa təqdim edildikdə tam sağlam və təsərrüfat artımına yararlı olub. Üstəlik Süleyman Mahmudov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını bildirib. Bunu təqdim edilən videoda da əyani görmək mümkündür.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən Süleyman Mahmudovun həyat yoldaşı Dürdanə Əliyevanın da məşğulluğu təmin edilib. Belə ki, D.Əliyeva 2020-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb edilib və hazırda çalışır.