CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti “Avro-2020” ilə əlaqədar Azərbaycana gələcək əcnəbilərə müraciət edib

Bakı, 9 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-nin İctimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar ölkəyə səfər edən əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə 2021-ci il iyulun 5-dək dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər. Bunlar Oyunların Bakı şəhərində keçirilməsi üzrə təşkilat komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd, Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdir.

Futbol oyunları ilə əlaqədar ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.

Bundan başqa, Avropa çempionatı oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər 15 gündən artıq ölkədə olduqları təqdirdə, olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.