CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin doqquz aylıq xidməti-döyüş fəaliyyəti müzakirə olunub VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Dövlət Sərhəd Xidmətində (DSX) cari ilin doqquz ayının xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev xidməti müşavirədə məruzə ilə çıxış edərək Heydər Əliyev dövlətçiliyinin qüdrətlənməsi və xalqımızın firəvanlığı naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində ölkəmizin bütün strateji inkişaf hədəflərinə nail olduğunu, sosial və infrastruktur layihələrin müvəffəqiyyətlə icra edildiyini, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəldiyini vurğulayıb.
Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci ilin doqquz ayının sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə Ali Baş Komandanın tapşırıqlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş digər vəzifələrin icrası, dövlət sərhədinin toxunulmazlığının və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi ilə əlamətdar olduğu bildirilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti komandanlığını növbəti ali hərbi rütbələr, DSX əməkdaşlarını orden, medal və fəxri adlar ilə təltif etməsinin, Xidmətin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmiləri ilə tanış olmasının şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi və məsuliyyət hissi ilə qarşılandığı xüsusi vurğulanıb.
Xidməti müşavirədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin DSX qarşısında qoyduğu tapşırıqlar və onlardan irəli gələn məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə DSX-nin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilib, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.