CƏMİYYƏT


Dövlət Sosial Müdafiə Fondunun yeni və müasir Qəbul Mərkəzi açılıb

Bakı, 5 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir Qəbul Mərkəzi açılıb.

AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində innovativ yeniliklərin tətbiqi ilə şəffaflığın və ədalətliliyin təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının Prezident İlham Əliyevin islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O bildirib ki, DSMF-də müasir iş və xidmət prinsipləri əsasında yeni Qəbul Mərkəzinin yaradılması da bu məqsədə xidmət edən bir addımdır. Başlıca amil kimi, burada artıq “bir pəncərə”dən və “e-sosial” internet portalı vasitəsilə vətəndaşlarla açıq iş şəraitində qəbul xidməti yaradılıb.

Nazir deyib ki, təkcə son iki ayda nazirlikdə 5215 nəfər, DSMF-də isə 5348 nəfər vətəndaşın qəbulu həyata keçirilib. Ona görə də qəbul sahəsində xidmətin müasir şəkildə və vətəndaş rahatlığı prinsipi üzrə təşkili diqqət mərkəzindədir.

Sahil Babayev yeni Qəbul Mərkəzi, burada vətəndaşların müraciətlərinə baxılması prosesi ilə tanış olub. Bildirilib ki, mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri - əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, maddi yardım və sanator-kurort yollayışları üçün müraciət edilməsi, fərdi uçotla, eləcə də ünvanlı sosial yardım ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır. Xidmət prosesində operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi əsas davranış xüsusiyyətləridir. Fondun təcrübəli mütəxəssisləri mərkəzə cəlb olunaraq onlar üçün etik davranış üzrə kurslar, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən treninqlər keçirilib.

Tədbir çərçivəsində nazir elektron qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı – Ramiz Tahirov ilə də görüşüb. Pensiyaçıya müvafiq bank kartını və hədiyyə təqdim edən nazir bildirib ki, ölkə başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanına əsasən pensiya təyinatının avtomatlaşdırılması nazirliyin proaktiv xidmətlər sahəsində ilk və uğurlu addımıdır. Artıq 5 min insan bu xidmətdən faydalanıb. Bu nümunə sosial təminat sisteminin bütün sahələrində tətbiq olunacaq.

R.Tahirov heç bir sənəd toplamadan və heç bir yerə müraciət etmədən 64 yaşının tamam olduğu gün - ad günündə ona elektron qaydada pensiya təyin olunmasından, bu barədə ona mesaj vasitəsilə məlumat verilməsindən məmnunluğunu bildirib. O, elektron qaydada belə rahat, şəffaf, çevik pensiya təyinatı mexanizmi yaradıldığına, eyni zamanda, pensiyaların mütəmadi olaraq artırıldığına görə dövlət başçısına öz minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.