MƏDƏNİYYƏT
Dövlət Teatr Muzeyində növbəti tədbir narkomaniya ilə mübarizəyə həsr olunub
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, narkomaniyaya qarşı mübarizənin aparılmasında və gənclərin bu mövzuda maarifləndirilməsi məqsədilə muzeydə “Yol ayrıcında” adlı növbəti tədbir keçirilib.
Muzeyin əməkdaşı Türkan Xanalıyeva tədbiri giriş sözü ilə açaraq, bəşəriyyətin ən qorxulu bəlalarından biri olan ağ ölüm və onun törətdiyi fəsadlar barədə geniş məlumat verib. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polkovnik-leytenant Fazil Mahmudov və Bakı Şəhər Narkoloji Dispanserin həkim-narkoloqu, psixoterapevt Pərvin Abbasova yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici mühazirə ilə çıxış ediblər.
Tədbir çərçivəsində iştirakçılara muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunan tədbirdə, həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.