CƏMİYYƏT


Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində gənc əsgərlər and içiblər

Bakı, 10 mart, AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və təntənəli tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Sonra döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Daha sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içiblər.

Andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və tədbiri qürurla izləyən valideynləri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından təbrik edən general-polkovnik Mədət Quliyev bu gün yaşadığımız sabitliyin və firavanlığın, dövlət müstəqilliyinin nə qədər böyük çətinliklər bahasına başa gəldiyi barədə danışıb. Xidmət rəisi 1990-cı illərin əvvəlindəki Azərbaycanın acınacaqlı vəziyyəti, səriştəsiz rəhbərliklər nəticəsində ölkədəki hakimiyyətsizliyin, iqtisadi böhranın yaratdığı ağır vəziyyətdən, vətəndaş qırğınının baş qaldırmasından, dövlətin faktiki olaraq dağılmaq təhlükəsi ilə üzləşməsi barədə tarixi misallar çəkib.

General-polkovnik Mədət Quliyev bildirib ki, yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə ümummilli lider Heydər Əliyevin dəvət olunması müasir Azərbaycan dövlətini məhv olmaqdan xilas edib, müstəqillik qorunub, ölkədə vətəndaş müharibəsi təhlükəsi aradan qalxıb. Respublikada bütün sahələrdə sürətli tərəqqi və inkişaf dövrü başlayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu və ölçüyəgəlməz tədbirlər nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın müstəqilliyi günbəgün güclənir, ölkəmizin müdafiə qabiliyyəti durmadan möhkəmlənir, Silahlı Qüvvələrin hərbi və hərbi-texniki potensialı daha da artırır. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bütün bunlar dövlət səviyyəsində ordu quruculuğu üzrə aparılan məqsədyönlü siyasətin bariz nəticəsidir. General-polkovnik Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli borcun yerinə yetirilməsində uğurlar arzulayıb.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirilib.

General-polkovnik Mədət Quliyev əsgərlərin valideynləri ilə görüşərək, onları bu əlamətdar gün münasibətilə bir daha təbrik edib. Valideynlər hərbi xidmət üçün yaradılan yüksək şəraitə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirərək, övladlarına Vətənin müdafiəsində daim ayıq-sayıq dayanmağı və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.

Andiçmə mərasimi bir daha nümayiş etdirib ki, Silahlı Qüvvələrimizdə hərbi vətənpərvərlik ruhu çox yüksəkdir və müasir Azərbaycan ordusunda xidmətlə fəxr edən gənclərimiz Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.