MƏDƏNİYYƏT
Dövlət Turizm Agentliyi jurnalistlər üçün press-tur təşkil edib
Bakı, 20 iyul, Ceyhun Alışlı, AZƏRTAC
22 iyul - Milli Mətbuat Günü münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən media nümayəndələri üçün xüsusi tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir turistlər üçün nəzərdə tutulmuş “Baku City Tour”un avtobuslarında şəhər gəzintisi ilə başlayıb, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarətlə yekunlaşıb. Turun əsas məqsədi “Bakı xarici turistlərin gözü ilə” konsepsiyasının, Bakı şəhərinin mədəni irsi və turizm imkanlarının turistlər tərəfindən necə görülməsinin mətbuat nümayəndələri tərəfindən real olaraq yaşanmasını təşkil etmək olub.
Məbədlə tanışlıq zamanı jurnalistlərə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.
Diqqətə çatdırılıb ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Məlumat verilib ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.
Sonra Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlər qarşısında çıxış edərək deyib ki, hazırda ölkəmizdə yeni turizm sənayesi yüksələn xətlə inkişaf edir. Bildirib ki, strateji istiqamətlərdən biri kimi, Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi əsas prioritet sahə hesab edilir.
Turizmin qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olduğunu söyləyən F.Nağıyev , Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində bu sahənin mühüm yer tutduğunu diqqətə çatdırıb, ötən illər ərzində görülən işlərdən danışıb. Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısından bəhs edən natiq Dövlət Turizm Agentliyinin bu sənayenin daha da inkişaf etdirilməsi üçün bütün qüvvəsini səfərbər edəcəyini vurğulayıb.
Fuad Nağıyev deyib: “Ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ölkə rəhbərliyinin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsi qurumun başlıca hədəflərindəndir və inanırıq ki, bu istiqamətdə fəaliyyətimiz öz bəhrəsini verəcək”.
Medianın turizm sahəsində məlumatlandırma və maarifləndirmə funksiyasının vacibliyini vurğulayan Fuad Nağıyev bu sahədə ixtisaslaşmış mətbuat nümayəndələrinə təşəkkür edib, onları daha sıx əməkdaşlığa dəvət edib. Agentlik sədri qeyd edib ki, yaxın gələcəkdə həm ölkə daxilində, həm ölkə xaricində media ilə müştərək layihələrin həyata keçirilməsi planlaşdırılır.
Daha sonra turizm mütəxəssisləri və Milli Məclisi deputatlarının iştirakı ilə turizm sahəsində ixtisaslaşmış 20 mətbuat nümayəndəsi təşəkkürnamə ilə təltif olunub, onlara xüsusi hədiyyələr təqdim edilib. Diplom alanlar sırasında AZƏRTAC-ın müxbiri də var.