İQTİSADİYYAT
Dövlət Vergi Xidmətinin əməkdaşları Afinada beynəlxalq konfransda iştirak ediblər
Bakı, 27 oktyabr, AZƏRTAC
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) Yunanıstanın paytaxtı Afinada illik beynəlxalq konfrans təşkil edib.
Bu barədə AZƏRTAC-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata əsasən, “Dəyişən dünyada daha çevik və dayanıqlı hibrid vergi administrasiyasının formalaşdırılması” mövzusuna həsr olunmuş beynəlxalq konfransda ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müşaviri, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi səlahiyyətlərinin müvəqqəti icraçısı Vüsal Eynullayev, Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin şöbə rəisi Eldar Babazadə, Vergi Siyasəti Baş İdarəsinin şöbə rəisi Gülnar İsayeva və Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin şöbə rəisi Nicat Həsənov təmsil ediblər.
Tədbirdə İOTA-ya üzv dövlətlərin vergi administrasiyalarının nümayəndələri öz ölkələrinin vergi inzibatçılığı sahəsində əldə etdikləri qabaqcıl təcrübələr əsasında fikir mübadiləsi aparıblar.
Konfransda IOTA-ya üzv vergi administrasiyalarının rəhbər vəzifəli şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və bir sıra iş adamları iştirak ediblər.