İQTİSADİYYAT
Dövlət Vergi Xidmətinin nümayəndələri Macarıstanda keçirilmiş beynəlxalq forumda iştirak ediblər
Bakı, 17 oktyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “Vergi inzibatçılığına inamın artırılması” adlı kommunikasiya forumu keçirilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, hibrid formada baş tutmuş tədbirdə 47 ölkədən 57 nümayəndə iştirak edib, 44 nəfər isə tədbirə onlayn formada qoşulub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnsan Resursları Baş İdarəsinin rəis müavini Ceyhun Mehdiyev, Media və Kommunikasiya İdarəsinin əməkdaşı Ülkər Nəbiyeva tədbirdə iştirak ediblər.
Forumun açılış mərasimində IOTA-nın vergi məsələləri üzrə eksperti Massimo Morarelli iştirakçıları salamlayaraq tədbirin mahiyyəti barədə məlumat verib. Bildirib ki, forum müxtəlif ölkələrin vergi sistemlərinin kommunikasiya sahəsində təcrübə mübadiləsinin təşkili istiqamətində faydalı platformadır.
Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsinin əməkdaşı Ülkər Nəbiyeva “İctimaiyyətlə etimad üzərində qurulmuş əlaqələr uğura aparan yoldur” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı DVX-nin xarici kommunikasiya sahəsində gördüyü işlər, vergiödəyiciləri və ictimaiyyətlə əlaqələrin prinsipləri, həyata keçirilən tədbirlər, kommunikasiyanın müasir tələblərə uyğun qurulması üçün tətbiq olunan alətlər, rəqəmsallaşma barədə ətraflı izahat verilib.
Bundan başqa, DVX-nin maarifləndirmə işləri, bu istiqamətdə yaradılmış kommunikasiya kanalları və alətləri ilə bağlı nümunələr təqdim edilib, görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına məlumat verilib. Təqdimatdan sonra İnsan Resursları Baş İdarəsinin rəis müavini Ceyhun Mehdiyev, Media və Kommunikasiya İdarəsinin əməkdaşı Ülkər Nəbiyeva DVX-nin fəaliyyəti barədə ünvanlanmış sualları cavablandırıblar.
Forum çərçivəsində “Daxili və xarici kommunikasiyanın təkmilləşdirilməsinin vergi sisteminə inamın yaradılmasında və artırılmasında rolu” mövzusunda qrup müzakirələri təşkil olunub. DVX-nin nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüb və təkliflər səsləndiriblər.
Forumun növbəti günlərində İspaniya, Norveç, İtaliya, Rumıniya, Finlandiya, Litva, İsveçrə və Böyük Britaniyadan olan çıxışçıların təqdimatları dinlənilib.
Yekunda 2023-2024-cü illərdə Kommunikasiya Mandatı üçün prioritet mövzular və çağırışlar müəyyənləşdirilib. Forum iştirakçıları bu sahədə təkliflərini səsləndiriblər.