SİYASƏT
Dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən kitabların təqdimatı olub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində bu qurumun sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” monoqrafiyasının və “Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” məqalələr toplusunun təqdimatı olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə akademik İ.Hacıyev çıxış edərək təqdim olunan əsərlərin məziyyətlərindən, tarixi əhəmiyyətindən danışıb. Qeyd edilib ki, hər iki kitabın nəşri müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir.
Sonra Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki tarixinə həsr edilmiş əsər”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki inkişafına həsr olunmuş əsər” mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, kitablarda müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklər, habelə əldə olunan nailiyyətlər geniş təhlil edilib.
Yeni nəşrlər tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.