ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə müsahibədə uğur qazanmış 171 namizəd müxtəlif vəzifələrə uyğun bilinib
Bakı, 25 yanvar, AZƏRTAC
Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, yanvarın 25-i saat 12:30-a olan göstəricilərə görə, müsahibədə indiyədək 171 nəfər uğur qazanıb. Onlardan 87-si Qida Təhlükəsizliyi İdarəsində, 24-ü Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, 3-ü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 1-i Milli Televiziya və Radio Şurasında, 1 nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak etmək üçün 3704 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.