ELM VƏ TƏHSİL
Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb
İmtahanda müvəffəqiyyət qazanmış namizədlər sertifikat əldə etmək üçün 2023-cü il yanvarın 5-dək qeydiyyatdan keçə bilərlər
Bakı, 20 dekabr, AZƏRTAC
İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün dekabrın 18-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan namizədlər sertifikat əldə etmək üçün dekabrın 20-dən 2023-cü il yanvarın 5-dək Dövlət İmtahan Mərkəzinin saytında müvafiq linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda);
-Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.