SİYASƏT
Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Heydər Əliyev Mərkəzində keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində növbəti seminar “Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin edilməsi məsələsi araşdırılıb. Seminarın məqsədi DİM-in tətbiqinə inteqrasiya olunmuş yanaşmaları təşviq etmək üçün müxtəlif sektorlarda, hökumət səviyyələrində, habelə hökumət və qeyri-dövlət iştirakçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə ölkələr tərəfindən qəbul edilmiş institusional yanaşmaları və mexanizmləri işıqlandırmaq, təhsilə, o cümlədən dayanıqlı şəhər və icmalara inteqrasiya olunmuş yanaşmalar əsasında təcrübə mübadiləsi ilə öyrənməyi təşviq etmək olub.
BMT-nin iqtisadi məsələlər üzrə eksperti Louis Meulemanın moderatorluğu ilə keçən seminarda çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan kontekstində həyata keçirilməsindən danışıb. O qeyd edib ki, Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür. “Biz dayanıqlı İnkişaf Məqsədləri proqramlarına qoşularaq çoxsaylı layihələr icra edib nailiyyətlər əldə etmişik”, - deyə Vüsal Hüseynov vurğulayıb. O diqqətə çatdırıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində çoxsaylı işlər görülüb, vacib sənədlər qəbul olunub.
Tədbirdə çıxış edən müxtəlif ölkələrin nümayəndələri DİM-in icrası istiqamətində gördükləri işlər barədə məlumat veriblər.
Seminar çərçivəsində “DİM-də inteqrasiya üçün mövcud təcrübələr, alətlər və mexanizmlər”, “Təhsil sektorunda vahid yanaşmalar”, “İqlim dəyişikliyini həll etmək üçün vahid yanaşmalar”, “Dayanıqlı şəhər və icmalar üçün vahid yanaşmalar” və s. mövzularda keçirilən sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb.