MƏDƏNİYYƏT
Dubayda gənc azərbaycanlı rəssamların sərgisi açılıb
Əbu-Dabi, 1 noyabr, AZƏRTAC
Dubaydakı baş konsulluğumuzun və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının birgə təşkilatçılığı ilə Dubayda gənc rəssamlarımızın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgisi açılıb. Tədbirdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov da iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov mərasimdə çıxış edərək Prezident İlham Əliyevin ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliğinə və inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb.
“Altı gün davam edəcək sərgiyə 25 gənc istedadlı rəssam 90-dan çox sənət əsəri ilə qatılıb. Onlar Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov məktəbinin yetirmələridir”, - deyə baş konsul bildirib.
Tədbirdə Türkiyənin Dubay şəhərindəki baş konsulu İlker Kılıç, Xalq rəssamı Sakit Məmmədov və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının direktoru İslam Baxşəliyev çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.
İ.Baxşəliyev tədbirin təşkilində göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycanın Dubay şəhərindəki baş konsulluğuna minnətdarlığını bildirib.
Cavidan Hüseynov fərqlənən gənc rəssamlara sertifikatlar verib, iştirakçılar sərgi ilə tanış olublar.
Tədbirə qatılan qonaqlara Azərbaycan milli mətbəxindən təamları təqdim edilib, ölkəmizin mədəniyyət və incəsənəti ilə bağlı jurnal, kitab və broşürlər paylanılıb.
Açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərində akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Sərgi noyabr ayının 5-dək davam edəcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi