CƏMİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü birliyimizin rəmzinə çevrilib
Bakı, 29 dekabr, AZƏRTAC
Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş Uşaq Parkında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ümumrayon şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək Həmrəylik Gününün tarixi və əhəmiyyəti, Azərbaycanda müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlər, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər barədə məlumat verib. Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü birliyimizin rəmzinə çevrilib.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 2019-cu ildə də sürətlə inkişaf edəcək, xalqımızın rifah halı durmadan yüksələcək.
Sonra rayonun ictimai həyatında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqlənən bir qrup şəxsə fəxri fərmanlar verilib. Yüzlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin iştirak etdikləri bayram tədbiri konsert proqramı ilə davam edib.