REGİONLAR
Düşmənin artilleriya atəşinə baxmayaraq, aqrar sahədə işlər davam etdirilir - Tərtərdən reportaj
Tərtər, 13 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhədə Azərbaycan Ordusunun qarşısında aciz qalan erməni hərbçiləri Tərtər rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur. Çoxsaylı dağıntılara baxmayaraq, qəhrəman tərtərlilər ordumuza güvənərək öz doğma torpaqlarını tərk etmir, təsərrüfat işlərini davam etdirirlər.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri belə istixana kompleksində işçilərlə həmsöhbət olub, həyata keçirilən becərmə işləri ilə maraqlanıb.
Fermer Nofər Nəsirov bildirib ki, istixana kompleksində 2019-cu ilin oktyabr ayında əkilən pomidor şitillərindən bu ilin yanvar-iyun aylarında 200 ton məhsul əldə edilib. Sentyabrın 15-də istixanaya yenidən pomidor şitilləri əkilib. Artıq bitkilər çiçəkləyib, pomidor salxımları formalaşır. "Hazırda istixanada becərmə işləri aparılır, xəstəliklərə qarşı profilaktik tədbirlər görülür. Bütün işçi heyət iş başındadır. Düşmənin artilleriya atəşi əlimizi işdən soyutmur. Bir neçə gün əvvəl istixananın yaxınlığında da mərmi partlamışdı. Ancaq biz işimizi davam etdiririk", - deyə o qeyd edib.
Təsərrüfatda işlə təmin olunan Roza Tağıyeva düşmənin təxribatlar törətməklə onları qorxuda bilməyəcəyini deyib: "Hazırda şitillərin dibini bərkidir, dolaq işi görür, digər aqrotexniki tədbirlər həyata keçiririk. Hamımızın əhval-ruhiyyəsi yüksəkdir. Əminik ki, qələbə bizim olacaq".
Övladı hazırda torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Zəminə Əliyeva isə deyib: "Biz ordumuza, ön cəbhədə bizi qoruyan və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən oğullarımıza güvənirik. Ordumuzun, vətənpərvər əsgər və zabitlərimizin sayəsində arxa cəbhədə çalışırıq. Allah əsgərlərimizi qorusun. Tezliklə qələbə sevinci nəsibimiz olsun".
Qeyd edək ki, ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Gələcəkdə istixananın sahəsinin daha da artırılması nəzərdə tutulur.