SİYASƏT
ESTONİYA ÜSƏMA BEN LADENİ ARZUOLUNMAZ ŞƏXS ELAN ETMİŞDİR
Estoniya hökuməti Üsəma ben Ladeni, habelə “Əl-Qaidə” təşkilatının və “Taliban” hərəkatının bütün üzvlərini arzuolunmaz şəxslər elan etmişdir.
Hökumətin mətbuat xidmətindən bildirmişlər ki, bu qərar beynəlxalq terrorizmlə mübarizə haqqında Avropa Birliyinin mövqeyinə qoşulmaq çərçivəsində qəbul olunmuşdur. AB-nin sanksiyaları beynəlxalq terror təşkilatları üzvlərinin ölkəyə gəlişini qadağan etməklə yanaşı, onların bank hesablarının dondurulmasını, habelə onlara silah satışının qadağan olunmasını da nəzərdə tutur.
Bu ilin yazında Avropa Birliyi üzvlüyünə namizəd ölkələr və EAST azad ticarət iqtisadi zonasına daxil olan dövlətlər də belə tədbirləri dəstəkləməyə çağırılmışlar. Tallində hesab edirlər ki, Estoniyanın AB-nin antiterror sanksiyalarına qoşulması ölkənin təhlükəsizliyinə və beynəlxalq əlaqələrinə müsbət təsir göstərəcəkdir.