REGİONLAR
Ege Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyib
Gəncə, 12 may, Elcan Məmmədov, AZƏRTAC
Ege Universitetinin rektoru, professor Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfərinin ikinci günündə əvvəlcə universitetin maddi-texniki bazası ilə tanış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Biotexnologiya mərkəzində olan qonaqlar bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə aparılan molekulyar analizlərin həyata keçirilməsi prosesini izləyiblər.
Bildirilib ki, respublikamızın qərb bölgəsində fəaliyyət göstərən ilk biotexnologiya mərkəzi 2 istiqamətdə - elmi-tədqiqat və kommersiya məqsədli işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Laboratoriyalarda tədqiqatlar əsasən meyvə bitkilərinin in vitro üsulu ilə mikroklonal yolla çoxaldılmasına yönəlib.
Qonaqlar Mərkəzdə qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalara baxış keçiriblər.
Sonra ADAU-nun Torpaqşünaslıq və aqrokimya və Baytarlıq təbabəti fakültəsində olan nümayəndə heyəti burada tələbələr üçün yaradılan müasir şəraitlə yerində tanış olub, müasir auditoriyalar və laboratoriyalara baş çəkiblər.
Torpaqşünaslıq laboratoriyasında olan qonaqlara burada aparılan analizlər barədə ətraflı məlumat verilib. Sonra Baytarlıq təbabəti fakültəsinin nəzdindəki Patoloji anatomiya muzeyində nümayiş olunan eksponatlara baxılıb.
Sonra Necdet Budak universitetin 2 saylı Tələbə evində gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyib.
Rektor, həmçinin rəhbərlik etdiyi ali təhsil müəssisə barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.