REGİONLAR
“Eko fikir – eko film” layihəsinə yekun vurulub
Sumqayıt, 23 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində reallaşan “Eko fikir – eko film” layihəsinə yekun vurulub. Şəhərin müxtəlif sahələrini təmsil edən gənclərin iştirak etdiyi layihə Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, layihənin sonuncu videosüjet müsabiqəsində çıxış edən layihə rəhbəri Ozal Abbasov məqsədin gənclərin ətraf mühitin mühafizəsinə olan münasibətini müsbət istiqamətdə dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini, məsuliyyətini artırmaq və bu istiqamətdə yaradıcı ssenariləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd edib. Bildirilib ki, müsabiqəyə altı ssenari təqdim edilib və onlardan dördü çəkilişə uyğun hesab olunub.
Layihənin koordinatoru Əli Miriyev, ekspert, Əməkdar artist Cəlal Məmmədov, “Bay Film” media şirkətinin rəhbəri, kinorejissor Sahil Nəzərov və digərləri çıxışlarında layihənin gənclərin ictimai-mədəni məsuliyyətinin inkişafına, rejissorluq sahəsində bacarıqlarını nümayiş etdirmələrinə, ətraf mühitin qorunması qaydalarına əməl etmələrinə, ekoloji problemlərin aradan qaldırılmasına müsbət təsir edəcəyini vurğulayıblar.
Daha sonra videosüjetlərə baxış keçirilib və ekspertlərin rəyinə əsasən “Sumqayıtımızı təmiz saxlayaq” birinci, “Tullantısız həyat” ikinci, “Yaşıllığı qoruyaq” adlı videosüjet isə üçüncü yerə layiq görülüb.
Sonda iştirakçılara sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim olunub.