REGİONLAR
Ekoloji aksiyada fəal iştirak edən könüllülər mükafatlandırılıblar
Sumqayıt, 24 noyabr, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində “Sumqayıt evimizdir – evimizi təmiz saxlayaq” adlı ekoloji aksiyada fəal iştirak edən könüllülər mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə V könüllülük fəaliyyətində iştirak etmiş gənclər üçün bədii-əyləncəli tədbir təşkil olunub.
Müxtəlif sahələri təmsil edən könüllülərin, hökumət, qeyri-hökumət gənclər təşkilatları nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan danışıb. O, 2015-ci ildə açılan Gənclər Evində yaradılan şəraitin məhz gənclərə göstərilən diqqətin bir nümunəsi olduğunu vurğulayıb.
Sektor müdiri, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illər Dövlət Proqramı”nda irəli sürülən vəzifələrin icrasından, şəhərdə aparılan quruculuq, abadlıq işlərindən danışıb, ekoloji aksiyada iştirak etmiş gənclərə təşəkkürünü bildirib.
Sonra Gənclər Evinin elan etdiyi V könüllülük fəaliyyətini uğurla bitirən gənclərə Baş İdarənin sertifikat və hədiyyələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.