ELM VƏ TƏHSİL
Ekspert AMEA-nın əməkdaşlarına beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyə verib
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Clarivate Analytics” (“Thomson Reuters”) agentliyinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda növbəti seminar keçirilib.
AMEA–dan AZƏRTAC-a bildirilib ki, seminarda akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Polimer Materialları İnstitutunun alim və mütəxəssislərinə “Web of Science” platformasına daxil olmaq üçün jurnallara və məqalələrə qoyulmuş tələblər, elmi məqalələrin təqdim edilməsi qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən danışılıb.
İneş Kenjinanın seminarları davam edir. O, fevralın 7-də Mərkəzi Elmi Kitabxanada Neft və Qaz İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Geologiya və Geofizika İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin alim və mütəxəssislərinə, fevralın 8-də isə AMEA-nın əsas binasında Biologiya və Tibb Elmləri Bölməsinə aid elmi müəssisələrin əməkdaşlarına beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələrini verəcək.
Xatırladaq ki, İneş Kenjina nüvə fizikası sahəsində 20-dən çox “Web of Science” indeksli məqalənin müəllifidir.