SİYASƏT
Ekspert: Azərbaycan sülh prosesində qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
Bakı, 23 may, AZƏRTAC
Mayın 22-də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Brüsseldə baş tutan Ermənistan və Azərbaycan liderlərinin görüşü tərəflər arasında sülh prosesində çox əhəmiyyətli mərhələ oldu. Sammitin nəticələri göstərir ki, bu formatda aprelin 6-da keçirilən sonuncu görüşdən ötən dövr ərzində mühüm irəliləyişə nail olunub. Bu səbəbdəndir ki, Azərbaycan sülh prosesində qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov söyləyib.
Ekspert qeyd edib ki, bu formatda keçirilən iki görüş arasındakı 46 günlük danışıqlarda müəyyən məsələlər ortaya çıxdı. Çünki Ermənistan rəhbərliyi qarşısına qoyduğu öhdəliklərə tam və vaxtında əməl etmədi. Sərhəd komissiyasının yaradılması cəhdi aprelin 6-da razılaşdırıldığı kimi, həmin ayın sonuna qədər baş tutmadı. Bunun əsas səbəblərindən biri də Ermənistan rəhbərliyinə daxildən və xaricdən təzyiq edən qüvvələri, əvvəlki kriminal rejimin qalıntılarını, radikal diaspor təşkilatlarını və onlara havadarlıq edən dövlətləri göstərmək olar. Mayın 22-də keçirilən görüş bir daha göstərdi ki, sülhdə maraqlı olmayan, danışıqların uzadılmasının və nəhayət, revanşist müharibələrin xəyalını quran bu qüvvələr sülh təşəbbüslərini ləngitsə də, onu tamamilə dayandıra bilmirlər.
“Beş saat davam edən görüşdə həm sərhədlərin delimitasiyası, həm nəqliyyat xətlərinin açılması, həm də sülh müqaviləsi ilə bağlı məsələlərdə mühüm nəticələr əldə olundu. Əldə edilən razılığa əsasən, yaxın zamanlarda Azərbaycanla Ermənistan sərhədində sərhəd komissiyalarının ilk birgə iclası keçiriləcək. Həmçinin nəqliyyat xətləri ilə bağlı bir sıra mübahisəli məsələlər də öz həllini tapdı. Məsələn, sərhəd idarəçiliyi, təhlükəsizlik, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük rüsumları və qaydaları barədə tərəflər arasında razılıq əldə olundu. Bu, Zəngəzur dəhlizinin açılması istiqamətində vacib bir mərhələni təşkil edir”, - deyə Vasif Hüseynov vurğulayıb.
Ekspert əlavə edib ki, Azərbaycanla Ermənistan arasında ortaq mövqeyin tapılması ümumilikdə sülh prosesinin uğurlu şəkildə aparılması və iki xalq arasında düşmənçiliyin aradan qaldırılması üçün müsbət zəmin yaradır. Bunun nəticəsidir ki, Brüsseldə iki dövlət arasında münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin davam etdirilməsi ilə bağlı da razılığa gəlindi. Ölkəmizin bu ilin əvvəlində təqdim etdiyi beynəlxalq hüququn norma və prinsiplərini özündə əks etdirən 5 maddəlik təklifləri əsasında aparılacaq bu danışıqlar həm ölkəmizə, həm Ermənistana, həm də ümumilikdə regiona sülh və sabitlik gətirəcək, daha güclü iqtisadi inkişafı təmin edəcək.