Ekspert: Azərbaycandan Macarıstana Qara dənizin dibi ilə “yaşıl” enerjinin tədarükü əsl inqilab olacaq VİDEO
AzerTAg.az

Budapeşt, 23 dekabr, AZƏRTAC
Macarıstanın ən nüfuzlu beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr və İqtisadiyyat İnstitutunun böyük tədqiqatçısı Laslo Vaşa ötən şənbə günü Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanmış Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli sazişi yüksək qiymətləndirib.
AZƏRTAC-a müsahibəsində o deyib: “Cənubi Qafqaz regionundan, daha dəqiq desək, Azərbaycandan Şərqi və Mərkəzi Avropaya “yaşıl” enerjinin tədarükü haqqında sazişin bağlandığı Buxarestdəki Sammit regionlarımız arasında əməkdaşlıqda dönüş nöqtəsi olub. Şərqi və Mərkəzi Avropa ölkələri hazırda enerji təhlükəsizliyi nöqteyi-nəzərdən çətin günlər yaşayırlar. Hökumətlər təbii qaz, neft və elektrik enerjisi idxalı mənbələrini diversifikasiya etməyə çalışırlar. Belə uzaq məsafədən enerjinin, xüsusilə də “yaşıl” texnologiyaya əsaslanan bu cür enerjinin çatdırılması ideyası olduqca unikaldır. Bu, asan olmasa da, enerji tədarükü işində bir növ inqilab olacaq. Bu ideya, həmçinin Azərbaycan və Macarıstan arasında çox gözəl münasibətlərin gözəl əlaməti və sübutudur. Əsas məqsəd Macarıstana, eləcə də qonşu ölkələrə ixracdır. Bizim çətin günlərimizdə bu ideya ölkələrimizin iqtisadiyyatları üçün təhlükəsizlik deməkdir".
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Xəbərin mətnində orfoqrafik səhv var