SİYASƏT


Ekspert: Münaqişə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə heç vaxt öz ədalətli həllini tapa bilməyəcəkdi

Bakı, 15 noyabr, AZƏRTAC

Ermənistanın hərbi təxribatlarının qarşısında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarının ilk günündən Fransanın sərgilədiyi qərəzli, birtərəfli və böhtan xarakterli yanaşma bir daha sübuta yetirdi ki, münaqişə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə heç zaman öz ədalətli həllini tapa bilməzdi. Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Minsk qrupunun həmsədrləri, xüsusilə də Fransanı qane etmirdi. Həmsədrlər münaqişəni və bu münaqişə vasitəsilə regiona təsir imkanlarını qoruyub saxlamaq istəyirdilər. Münaqişə bir sıra ölkələr, xüsusilə də Fransa üçün geosiyasi alət funksiyasının yerinə yetirirdi və təbii ki, rəsmi Parisin aqressiyasını şərtləndirən məhz bu amildir. Bu alət isə artıq geosiyasi təzyiq mexanizmi kimi heç bir əhəmiyyətə malik deyil.

Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi vasitəsilə Cənubi Qafqazda siyasi oyunlar qurmağa və maraqlarını təmin etməyə çalışan dövlətlərin məkrli planlarının baş tutmaması təbii ki, həmin dövlətləri ciddi narahat edir. Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyəti isə bütövlükdə bu ölkənin vasitəçilik mandatı ilə ziddiyyət təşkil edirdi və rəsmi Paris proses boyu tərəfsizlik prinsipini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarının anneksiyasına birbaşa və dolayısı ilə dəstək verirdi. Yaranmış vəziyyət və cəzasızlıqdan, himayə olunmaqdan ruhlanan təcavüzkar ölkənin davamlı hərbi təxribatları, həmsədrlərin işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyması, bir çox hallarda isə Ermənistanı açıq şəkildə dəstəkləmələri Azərbaycan üçün seçim yeri qoymurdu.

Azərbaycan Ordusunun qələbəsi isə münaqişə ətrafında yaradılmış geosiyasi vəziyyəti tamamilə və birdəfəlik dəyişdi. Azərbaycanın ərazi bütövlüyü ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə deyil, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti, cəsarəti, fədakarlığı nəticəsində təmin edildi. İllərdən bəri “başımızın altında yastıq qoymaq” məqsədi daşıyan, işğalın davam etdirilməsinə, işğalçının torpaqlarımızda möhkəmlənməsinə xidmət edən status-kvo ləğv edildi.

Problemin məhz Azərbaycanın səyləri nəticəsində həll edildiyinə baxmayaraq, həmsədr ölkə Fransanın siyasi dairələri bu gün də erməni lobbisinin təsiri altında qərəzli, aqressiv mövqe nümayiş etdirərək, bölgəyə davamlı sülhün gəlişinə mane olur. Rəsmi Paris mandatından irəli gələn vəzifələri icra etmək əvəzinə, tamamilə əks mövqedə dayanaraq Qarabağda sülhə və birgəyaşayışa, münaqişənin tam və hərtərəfli həllinə mane olmağa çalışır.

Ekspert qeyd edib ki, Azərbaycanın Ermənistan üzərindəki qələbəsini üçüncü tərəfin iştirakı müstəvisindən şərh etməyə cəhd göstərən qüvvələrin niyyəti prosesi bacardıqları qədər ləngitməkdən ibarətdir. Münaqişənin indiki formatda həlli isə bölgəyə xarici qüvvələrin müdaxiləsinin qarşısını alır və davamlı sülhün əldə edilməsinə böyük ümidlər yaradır. Məhz bu baxımdan, Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu cür sülhyaratma missiyası Cənubi Qafqazla tarixi, siyasi, iqtisadi bağları olmayan ölkələri narahat etməməlidir. Bölgə dövlətlərinin bölgənin məsuliyyətini öz üzərlərinə götürmələri qədər təbii heç nə ola bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.