SİYASƏT
Ekspert: Paşinyanın yürütdüyü siyasətin yalan, hiylə üzərində qurulması artıq bütün dünyaya məlumdur
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin tərəfindən Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştiraka dəvət olunması çox mühüm əhəmiyyətə malik bir məsələdir.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib.
Ekspert qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Filippin Prezidenti Rodriqo Roa Dutertenin də iştirak etdikləri bu mühüm tədbirdə, belə bir auditoriya qarşısında Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə ifşa etdi və dünyaya çox mühüm mesaj göndərdi. Dövlət başçısının çıxışının kulminasiya nöqtəsi “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” deyən Paşinyanın bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi oldu. Dövlət başçısının bu çıxışı deməyə əsas verir ki, həm Dağlıq Qarabağ münaqişəsinin, həm də təkcə regional deyil, beynəlxalq problemlərin həllində Azərbaycan rəhbərliyinin nüfuzu mütləq şəkildə nəzərə alınacaq.
Arzu Nağıyev vurğulayıb ki, Paşinyanın yürütdüyü siyasətin yalan, hiylə üzərində qurulması artıq bütün dünyaya məlumdur. Bununla yanaşı, Prezident İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasətin konkret tarixi faktlara, beynəlxalq norma və prinsiplərə söykəndiyi bir daha təsdiq olundu və təbii ki, bu siyasət dünya liderləri tərəfindən alqışlanır.