CƏMİYYƏT


Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurulub. Proqramın bağlanış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, EHİM-in direktoru Fariz Cəfərov, proqram iştirakçıları və digər media nümayəndələri iştirak ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ülvi Mehdiyev “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində 110-a yaxın media nümayəndəsinin maarifləndirildiyini və serifikatlarla təltif edildiyini vurğulayıb. Həmçinin proqramın mediaya və onların xətti ilə cəmiyyətin maariflənməsinə verdiyi töhfə, bu cür sosial məsuliyyət layihələrinin inkişafa gedən yolda əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə proqramın birinci hissəsi çərçivəsində təşkil olunan vörkşopları və iştirakçıların proqram haqqında fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

Sonra proqram çərçivəsində həyata keçirilən müsabiqənin qalibləri elan ediliblər. Müsabiqə üzrə birinci yeri "news24.az" xəbər saytının müxbiri Məhərrəm Əliyev, ikinci yeri "1news.az" İnformasiya Agentliyinin müxbiri Qafar Ağayev, üçüncü yeri isə “Azərbaycan” qəzetinin müxbiri Aydan Xəlilova tutublar.

Qaliblər müvafiq olaraq 1000 AZN, 700 AZN və 500 AZN pul mükafatı ilə təltif olunublar.

Bununla yanaşı, proqramı müvəffəqiyyətlə bitirən bütün iştirakçılar EHİM tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. Tədbirin sonunda iştirakçılar üçün EHİM-in inzibati binasında mediatur təşkil olunub və mərkəzin struktur və bölmələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi media nümayəndələrini elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlandırmaq və onların vasitəsilə də cəmiyyətin bu istiqamətdə rəqəmsal savadlılığının artırılmasına nail olmaqdır.

Xatırladaq ki, 1-ci və 2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı ötən il keçirilib və böyük marağa səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.