İQTİSADİYYAT


Enerji siyasətimizdə yeni mərhələ başlanır

Enerji siyasətimizdə yeni mərhələ başlanır

Bakı, 4 fevral, AZƏRTAC

Dünyada etibarlı tərəfdaş, göstərilən etimadı özünəməxsus bir şəkildə dürüstlüklə doğruldan ölkə kimi xarakterizə olunan Azərbaycan yenidən dünyanın diqqət mərkəzində idi. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının məhz Bakıda açılışı ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzunun göstəricisi və eyni zamanda enerji siyasətimizdə yeni mərhələsi idi.

Prezident İlham Əliyev bu mötəbər tədbirdə çıxış edərək bundan əvvəlki toplantıdan ötən müddətdə dünyada dəyişikliyin enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığını və enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi kimi diqqət çəkdiyini bildirib. Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrası zamanı müəyyən yubanmaların nəzərə çarpmasına baxmayaraq, bu layihə mümkün qədər tez başa çatdırılıb. Hazırda isə adıçəkilən dəhlizin genişləndirilməsi ilə bağlı fəaliyyətə başlanılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söyləyib.

Alim qeyd edib ki, ölkə başçısı çıxışında, həmçinin Cənub Qaz Dəhlizinin iki ildən bir az çox vaxt əvvəl istismara verildiyini, bu gün isə artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinin nəzərdən keçirildiyini vurğulayıb. “Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var”, –deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Dəhliz, eyni zamanda, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Eyni zamanda, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişəcəyi söylənilir.

Xatırladaq ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.

TANAP və TAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib. Dövlət başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxu ümid etmirdi. Layihənin xərclər smetası böyük idi, ciddi maliyyələşmə məsələləri var idi.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Ümumiyyətlə, Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi.

Qeyd edim ki, yuxarıda adlarını vurğuladığım Cənub Qaz Dəhlizinin dörd seqmentlərindən ən mühümü olan TANAP qaz boru kəməri 2018-ci il ilin iyununda istifadəyə verilib, 2020-ci ildə isə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası da uğurla yekunlaşdırılıb. Beləliklə, çoxları üçün xəyal olan, hətta mümkünlüyünə inanılmayan nəhəng layihənin reallaşması ilə Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail olub.

Ötən müddətdə Avropada Cənub Qaz Dəhlizi potensialının artırılması ilə şaxələndirilmə xüsusi diqqətdə saxlanılıb. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında da bu məsələyə prioritet istiqamət kimi yanaşılıb.

Emin Bağırov sonda qeyd edib ki, ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simson Bakıya səfər etdilər. Səfər çərçivəsində Avropa İttifaqının təmsilçiləri Azərbaycan ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzaladılar. Memoranduma əsasən, Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini 2027-ci ildə 20 milyard kubmetrə çatdıracaq. Bunun üçün isə Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurətini meydana çıxarıb. Dəhlizin genişləndirilməsinin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz həm öz qazını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı qazanır. Bunun üçün Trans-Xəzər kəmərinin də tikintisi zəruridir.

Bir sözlə, qürurverici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iriçaplı iqtisadi layihələri ilə Avropanın yol xəritəsini dəyişir, Zəfər ölkəsi kimi təkcə bölgədə deyil, dünya üçün reallıqlar yaradır. Şübhəsiz ki, mövcud perspektivlər yeni uğurların anonsunu diktə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.