İQTİSADİYYAT
“EnterpriseAzerbaijan.com” Böyük Britaniyanın startap həftəsində təqdim edilir
Bakı, 14 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Newcastle Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə icra olunan "Yaradıcı qığılcım” ("Creative Spark") layihəsinin iştirakçıları Böyük Britaniyada startap həftəsində iştirak edirlər. Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimlərinin də iştirak etdiyi startap həftəsi çərçivəsində "EnterpriseAzerbaijan.com" portalının təqdimatı keçiriləcək.
Portalın nümayəndəsi və "Creative Spark" layihəsinin meneceri Oruc Dursunzadə AZƏRTAC-a bildirib ki, səfər müddətində Azərbaycandan olan və 6 nəfərdən ibarət nümayəndə heyəti Newcastle Universitetinin əməkdaşları, tələbə və məzunları ilə təcrübə mübadiləsi aparacaqlar. Nümayəndə heyəti, həmçinin sahibkarlar üçün biznes planların yazılmasına dair startap qruplarının işçi toplantılarında iştirak edəcəklər. Newcastle Universitetinin rəsmi internet səhifəsində "Azərbaycandan olan biznes təlimçiləri Newcastle Universitetinin Biznes məktəbində" (Newcastle University Business School welcomes enterprise educators from Azerbaijan) sərlövhəli məlumat yerləşdirilib. Azərbaycan startapları "Creative Spark" layihəsi çərçivəsində Böyük Britaniya təcrübəsini öyrənmək, dünya miqyasında maliyyə cəlb etmək və tanınmaq imkanlarına malik olacaqlar.
Newcastle Universitetinin biznes məktəbinin professoru Şeron Mavin deyib ki, əhəmiyyətli startap həftəsində Azərbaycandan olan nümayəndələrin də iştirakı tədbirin daha maraqlı keçməsinə səbəb olub.
Qeyd edək ki, “Creative Spark” layihəsinin məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması, inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir. Layihə çərçivəsində mütəmadi olaraq həm sahibkarlara, həm də layihə iştirakçılarına təlimlər keçirilib.