DÜNYA
Entoni Blinken ABŞ dövlət katibi vəzifəsinə əsas namizəddir
Vaşinqton, 23 noyabr, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Entoni Blinkeni dövlət katibi təyin etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika KİV-ləri Co Baydenin komandasındakı mənbələrə istinadla bildirirlər.
Ağ ev administrasiyasının rəhbəri vəzifəsində fəaliyyətə başlamış Ron Kleyn bazar günü bildirib ki, Bayden öz kabinet üzvlərinin adını çərşənbə axşamı açıqlamaq niyyətindədir. ABŞ-ın xarici siyasət qurumunun başçısı vəzifəsinə iddiaçılar sırasında Blinkenin öndə olacağı gözlənilir.
Blinken ABŞ Dövlət Departamenti başçısı postuna əsas namizədlərdən biri hesab edilir. Milli təhlükəsizlik üzrə vitse-prezidentin müşaviri vəzifəsində xidmətdən sonra Prezident Barak Obama dövründə o, dövlət katibinin müavini vəzifəsinədək yüksəldilib.
AZƏRTAC-ın Vaşinqton bürosu