QAN YADDAŞI
Ermənilər Xocalıda tarixi abidələrimizi məhv ediblər
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb.
Azərbaycanın siyasi və diplomatik uğurlarından bəhs edən M.Nağısoylu diqqətə çatdırıb ki, bu gün dünyanın bir çox ölkələri Xocalıda baş verən dəhşətli hadisələri soyqırımı kimi tanıyıb və bununla bağlı rəsmi sənədlər qəbul olunub.
Faciənin tarixi aspektləri haqqında məlumat verən professor Qara Məşədiyev bildirib ki, Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş bir cinayətdir. Tariximizə qanla yazılan Xocalı faciəsi heç zaman unudulmayacaq.
Doktorant Aysel Qəribli çıxışında Xocalı hadisələri zamanı ermənilərin tarixi abidələrimizə vurduğu ziyanlardan bəhs edib. Vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.