Ermənilərin viran qoyduğu Laçının Malıbəy kəndindən FOTOLAR VİDEO
AzerTAg.az
Laçın, 7 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Laçın respublikamızın füsunkar guşələrindən biridir. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, buz kimi bulaqları, geniş yaylaları... Təəssüf ki, Ermənistanın təcavüzü nəticəsində Laçın rayonunun sakinləri illərdir köçkünlük həyatı yaşamağa məcbur qaldı. Amma artıq Laçın azaddır.
AZƏRTAC-ın bölgə müxbiri Laçın rayonunun Malıbəy kəndinə səfər edib, gördüklərini qeydə alıb.
Laçın səfəri zamanı yolboyu irəliləyərkən diqqətimizi donmuş şəlalə çəkir. Avtomobili saxlayıb ətrafı müşahidə edirik. Kəndin ətrafındakı dağdan axan Navlı və Qoşa bulaqları şəlalə yaradır. Şəlalənin spesifik xüsusiyyəti isə qış aylarında donmasıdır. Bu isə əsasən yanvar-fevral aylarına təsadüf edir. Elə bizim səfərimiz də həmin şəlalənin donduğu vaxta təsadüf etmişdi.
Malıbəy kəndi... Kəndin girişində Birinci Qarabağ müharibəsində şəhid olan Abdullayev Şəfi Səməd oğlu və İkinci Qarabağ müharibəsində şəhid olan Yaqubzadə Yaqub Eldəniz oğlunun xatirə lövhəsi yerləşdirilib. Bir zamanlar firavan həyatın sürüldüyü kənddən indi geriyə yalnız dağıdılmış evlər, viran qoyulmuş yurd yerləri qalıb.
Dağların qoynuna aldığı kəndin səfalı təbiəti göz oxşayır. Etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olan əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Kənddə kustar üsulla ip əyirilməsi, xalça toxunulması ənənəsi mövcud olub. Hazırlanan yun və pambıq iplərdən xalça, kilim, palaz, xurcun toxunulub. Həmçinin palıddan və vələsdən xarratlar təhnə, tabaq, nehrə, cəhrə, çanaq və. s müxtəlif məişət əşyaları hazırlanıb.
Kənddə əsasən eyvanlı evlər olub. Erməni işğalına qədər burada 100 ailə yaşayırdı. Lakin indi erməni vandalizminin izləri qalıb. Kənd yerlə-yeksan olunub.












Xəbərin mətnində orfoqrafik səhv var