MƏDƏNİYYƏT
“Eurovision-2012” mahnı müsabiqəsinin milli seçim turlarının ikinci həftəsi başlamışdır
Bakı, 5 dekabr (AZƏRTAC). Dekabrın 5-dən etibarən Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinin milli seçim turlarının 2-ci həftəsinə start verilir.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bu həftənin iştirakçıları Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryəm Kərimova, Sehri Rəhimova, “Live or Leave” qrupu və Elvin Babazadədir. Bu gün onlar dünya estradasından mahnıları ifa edəcəklər.
İştirakçılar həftənin 5 günündə canlı yayımda ifa və performanslarını təqdim edəcəklər. Həftənin cümə günü isə münsiflər heyətinin və tamaşaçıların SMS səsverməsi nəticəsində qalib seçiləcəkdir.
Milli seçim turunu bu gün saat 22:00-da İctimai Televiziyanın canlı efirində izləmək mümkün olacaqdır.