CƏMİYYƏT
Evdən içərisində pul və sənədlər olan seyfi oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Paytaxtın Nizami rayonundakı mənzillərdən birindən naməlum şəxs tərəfindən içərisində 5 min manat, 1500 dollar, 750 avro və müxtəlif sənədlər olan seyf naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən bu barədə Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat verdikdən sonra hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sadiq Abbasov saxlanılıb. O, ifadəsində zərərçəkənin tanışı olduğunu və bir neçə ay əvvəl həmin evdə qonaq olan zaman mənzilin açarlarından birini oğurladığını bildirib. Zərərçəkənin mənzildə olmadığını biləndən sonra S.Abbasov həmin açarlar vasitəsilə evə daxil ola bilib.
Faktla bağlı toplanan material rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.