SİYASƏT
FƏLƏSTİN HÖKUMƏTİ İSRAİL İLƏ SÜLH DANIŞIQLARINA YENİDƏN BAŞLAMAQ NİYYƏTİNDƏDİR
Fələstin hökuməti həmçinin bəyan etmişdir ki, atəşkəsin bərpasına nail olmaq əzmindədir. Lakin Fələstinin informasiya naziri Nəbil Əmr bildirmişdir ki, atəşkəs rejiminə həm Fələstin təşkilatları, həm də İsrail eyni dərəcədə ciddi riayət etməlidirlər. Onun sözlərinə görə, barışığa nail olmaq üçün ona riayət ediləcəyinə İsrail hökumətinin də təminat verməsi zəruridir.
“İslami cihad” rəhbərliyinin nümayəndəsi Nafez Əzzam demişdir ki, onun hərəkatı “barışıq haqqında danışıqlara yenidən başlamaq ideyasına etiraz etmir, amma israillilər Fələstin fəallarına qarşı “ovu” dayandırmayınca, barışıq barədə sazişin bir mənası olmayacaqdır”.
VAFA İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Fələstin hökuməti öz rəsmi bəyanatında İsraili “Fələstin təşkilatları rəhbərlərinin qətlə yetirilməsini dayandırmağa” çağırmışdır.
İsrail hökuməti fələstinlilərin atəşkəs barədə yeni saziş bağlamaq təklifini rədd etmişdir.