CƏMİYYƏT
FHN: Abşeron rayonunun Qobustan kəndində top mərmisi və onun döyüş başlığı aşkarlanıb
Bakı, 7 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Qobustan kəndinin ərazisində hərbi sursatın aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın bir ədəd təlim-atış xarakterli 100 millimetrlik top mərmisi və onun döyüş başlığı olduğu müəyyənləşdirilib.
Sursat Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.