CƏMİYYƏT
FHN Akademiyasında bakalavr və magistrantların yekun dövlət attestasiyası başa çatıb
Bakı, 11 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında bakalavr və magistrantların Dövlət Attestasiya Komissiyasına yekun vurulub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyinin akademiyasında iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, iki ixtisas üzrə magistratura səviyyəsində təhsil fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması üçün hərtərəfli şərait yaradılıb. Bu ali təhsil ocağının fəaliyyəti dövründə 592 kursant və müdavimə “bakalavr” ali peşə-ixtisas dərəcəsi, 7 magistranta isə ali elmi-ixtisas dərəcəli magistr diplomu verilib.
2017-2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə 98 kursant və müdavim ixtisaslar üzrə tədris planlarında nəzərdə tutulmuş bütün sınaqlardan keçərək yekun dövlət attestasiyasında iştirak edib, onların 7 nəfəri fərqlənmə diplomuna layiq görülüb.
Magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş 11 magistrantın müvafiq ixtisaslar üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Sonda akademiyanın rəisi, general-mayor Pənah Süleymanov bakalavr və magistrantları təbrik edib, onların hazırlığını yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.