CƏMİYYƏT
FHN Salyan rayonunda pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbirləri keçirib
Bakı, 28 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayonundakı “Taş Obası” MMC-nin Pambıq Emalı Zavodunda və “MTK İstehsalat Kommersiya” MMC-nin Salyan filialında pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbirləri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə həmin müəssisələrin əməkdaşları iştirak ediblər.
“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanması, açıq oddan istifadə edilməsi, siqaret çəkilməsinin yolverilməzliyi xüsusi vurğulanıb. Bundan başqa, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların təşkil edilməsinin zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.