CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb
Bakı, 30 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Binəqədi rayonunun Əhməd Rəcəbli küçəsi, ev 11/33 ünvanında yerləşən “Qrand” mehmanxanasında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğunu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib. Belə ki, birinci və ikinci mərtəbələrdə təxliyə yolları yanar materiallarla üzlənib, mətbəx sahəsində daxili qaz boruları yivli birləşmələrlə istismar olunub. Mətbəxdə qaz sızmasının xəbərdar edilməsi üçün avtomatik xəbərverici qurğu quraşdırılmayıb, obyektin ərazisində qeyri-standart qaz su qızdırıcısından istifadə olunub. Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, elektrik paylayıcı lövhəsinin, qazanxana və mətbəx sahələrinin elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb. Mətbəx sahəsinin tüstü bacası yağ qalıqlarından təmizlənməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb. Obyektin çardaq sahəsinin, dəhlizin və qonaq otaqlarının üzləndiyi taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunun Əhməd Rəcəbli küçəsi, ev 11/33 ünvanında yerləşən “Qrand” mehmanxanasında işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.