CƏMİYYƏT
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Bakı, 17 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunun ərazi mülki müdafiə qüvvələrinin iştirakı ilə xəbərdarlıq-toplanış məşqi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqdə ərazi mülki müdafiə dəstəsinin fərdi mühafizə vasitələri, xilasetmə və qəza-bərpa işlərinin yerinə yetirilməsi üçün ayrılmış mühəndis texnika və avadanlıqlarının vəziyyətinə baxış keçirilib.
Mülki müdafiə qüvvələrinin rəisləri məşqin ümumi gedişi barədə, cəlb edilmiş qüvvə və vasitələr haqqında ətraflı məlumat veriblər. Ərazi mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti xəbərdarlıq toplanışı üzrə məşq zamanı fəaliyyətləri haqqında məruzə ediblər.
Sonda şəxsi heyətə fövqəladə hal zamanı öz funksional vəzifələrini bir daha dəqiqləşdirmək, müəyyən olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdə mərkəzin şöbələri, rayon icra hakimiyyətinin əməkdaşları, Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Qusar Mərkəzi Rayon Xəstəxanası, elektrik şəbəkəsi, qaz istismar sahəsi, su-kanal sahəsi, suvarma sistemləri idarəsi, baytarlıq idarəsi, kommunal müəssisələri kombinatı, “Avtonəqliyyat” ASC, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi, “6 Nömrəli Yol İstismarı” MMC, telekommunikasiya qovşağı və mənzil istismar sahəsinin mülki müdafiə qərargah rəisləri və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak ediblər.