CƏMİYYƏT
FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində “Hərbiləşdirilməmiş Mülki müdafiə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında “Qəza-bərpa manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən təşkil edilən kurslarda idarə, müəssisə və təşkilatlarda yaradılmış manqaların qəza-bərpa komandirləri iştirak ediblər. Kurslarda müəssisədə baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fövqəladə hadisə zamanı davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi barədə məlumat verilib, xilasetmə alət və avadanlığından istifadə qaydası əyani şəkildə izah edilib.
Sonda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim olunub.