İDMAN
FUTBOL ÜZRƏ ÇEMPİONLAR LİQASI TURNİRİNİN QALİBİ KİM OLACAQ? ÇEMPİON OLMAQ HİSSİ İLƏ ALIŞIB-YANAN “MİLAN”, YOXSA YENİDƏN “LİVERPUL”?
Mayın 23-də Yunanıstanın paytaxtı Afina şəhərinin Olimpiya stadionunda futbol üzrə Çempionlar liqasının (bu turnir 1991-ci ilədək Avropa Çempionlar kuboku adlanırdı) 52-ci turnirinin final görüşündə iki il əvvəl olduğu kimi İtaliyanın “Milan” və İngiltərənin “Liverpul” komandaları qarşılaşacaqlar.
AZƏRTAC xəbər verir ki, bu turnirdə qazandığı qələbələrin sayına görə “Milan” “Liverpul”dan daha üstündür. İtaliya komandası qitənin bu mötəbər turnirində 6 dəfə qalib gəlmişdir. Klublar arasında Avropa çempionu adını “Milan” ilk dəfə 1962-1963-cü il turnirinin finalında Portuqaliyanın “Benfika” komandasını 2:1 hesabı ilə məğlub edərək qazanmışdır. Daha sonra “Milan” 1968-1969-cu il yarışlarında finalda Hollandiyanın “Ayaks” komandasını 4:1, 1988-1989-cu il turnirinin finalında Rumıniyanın “Styaua” klubunu 4:0, 1989-1990-cı il yarışlarının finalında yenidən “Benfika”nı 1:0, 1993-1994-cü il turnirinin həlledici görüşündə isə İspaniyanın məşhur “Barselona”sını 4:0 hesabı ilə udmuşdur. Nəhayət, “Milan” sonuncu dəfə 2002-2003-cü il turnirinin finalında həmvətənlərini, Turinin “Yuventus” klubunu məğlub etmişdir. Oyunun əsas vaxtı və əlavə edilmiş 30 dəqiqə qalibi müəyyən etməmiş (0:0) və onbir metrlik zərbələrdən sonra “Milan” 3:2 hesabı ilə qalib gəlmişdir.
Bu yarışların beşqat qalibi “Liverpul” isə 1976-1977-ci il turnirinin finalında Almaniya Federativ Respublikasının ”Borussiya” (Mönhenqladbax) komandasını 3:1, 1977-1978-ci il yarışlarının finalında Belçikanın “Brüqqe” klubunu 1:0, 1980-1981-ci il turnirində İspaniyanın digər məşhur komandası - “Real”ı (Madrid) 1:0, 1983-1984-cü il yarışlarının finalında İtaliyanın “Roma” klubunu (1:1, onbir metrlik: 4:2) məğlub etmişdir.
Və nəhayət... 2005-ci il mayın 25-i... Çempionlar liqasının 50-ci, yubiley turnirinin finalında İstanbulun Olimpiya stadionunda “Milan”- “Liverpul” qarşılaşması... Yəqin ki, bu görüş əsl futbol azarkeşlərinin yaddaşından heç vaxt silinməyəcəkdir. 3:0 hesabı ilə irəlidə olan italyanlar ikinci hissənin 12 dəqiqəsi ərzində bu üstünlüyü asanlıqla itirmiş və nəticədə onbir metrlik zərbələrdən sonra məğlub olmuşlar.
Göründüyü kimi, “Milan”ın oyunçuları bu görüşə ölüm-dirim mübarizəsi kimi baxacaq və 2 il əvvəlki məğlubiyyətin acı təsadüf olduğunu azarkeşlərinə, eləcə də özlərinə sübut etmək istəyəcəklər.
Lakin “Liverpul” da zəif komanda deyil və bu oyunda maddi maraq amilini də yaddan çıxarmaq olmaz. Klubun rəhbərliyi finalda qələbəyə görə hər bir futbolçuya 100 min funt-sterlinq mükafat vəd etmişdir.