SİYASƏT
Faşist ideologiyasına xidmət edən Ermənistan danışıqlar masası arxasına əyləşmək əvəzinə təxribat törətməklə məşğuldur
Bakı, 9 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik səngimək bilmir. Otuz ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan münaqişənin alovlanmasında maraqlıdır. Bir sözlə, Ermənistan hər vəchlə danışıqlar prosesini pozmağa, beynəlxalq müstəvidə Madrid prinsiplərinin üzərindən xətt çəkilməsinə çalışır. Yəni görünən budur ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və yeni hərbi kampaniyaya başlamaq niyyətindədir. Bunu Ermənistanda hərbi könüllülər dəstələrinin yaradılması, işğalçı ölkənin siyasi rəhbərləri tərəfindən edilən təhdidlər də sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.
Politoloq deyib ki, faşist ideologiyasına xidmət edən Ermənistan regionda sülhün təmin olunması üçün danışıqlar masası arxasına əyləşmək əvəzinə təxribat törətməklə məşğuldur. Ermənistan Azərbaycanla sərhəd ərazilərdə - Tərtər, Qazax və Gədəbəy istiqamətində gərginlik yaratmağa cəhd edir. Bu da münaqişənin coğrafiyasının genişlənməsi deməkdir.
Azərbaycan Ordusunun düşmənin təxribatçı hərəkətlərinə cavab verməyə hər zaman hazır olduğunu bildirən İ.Vəlizadə çətin iqtisadi durumda olan Ermənistanın ölkəmizin gündən-günə artan gücü qarşısında aciz olduğunu qeyd edib: “Bunu Tovuz döyüşləri bir daha sübut etdi. İşğalçı ölkənin siyasi rəhbərləri, Paşinyan hökuməti gözəl anlayır ki, onun ordusu Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməz. Çünki bizim ordumuz daha güclü, daha mütəşəkkildir, şəxsi heyətinin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. Bunlar hamısı mühüm şərtlərdir”.
Politoloqun sözlərinə görə, hazırda Ermənistan mülki əhalini proseslərə cəlb edərək könüllülər ordusu yaratmağa cəhd edir. Məqsəd nə yolla olursa olsun, yeni hərbi əməliyyatlara başlamaq və Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmamaqdır.
İlqar Vəlizadə deyib: “Bütün bunlar bizi adekvat cavab verməyə təhrik edir. Ordunun döyüş əhval-ruhiyyəsinin daha da yüksəldilməsində cəmiyyətin rolu böyükdür. Biz orduya dəstək olmalıyıq, vətənpərvərlik mövzusu gündəmdə olmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin vətənpərvərliyi mövzularının inkişaf etdirilməsi, vətənpərvərlik mövzusunda yerli və xarici sənədli və bədii filmlərin göstərilməsi mühüm şərtlərdəndir. Bununla bağlı sosial şəbəkə istifadəçilərinin üzərinə iş düşür. Qardaş Türkiyənin təcrübəsindən yararlanmaq, birgə layihələrin həyata keçirilməsi çox önəmlidir”.