ELM VƏ TƏHSİL
“Fəal təlim – fəal şagird” Şamaxı məktəbliləri arasında reallaşdırılan ilk intellektual layihədir
Bakı, 24 oktyabr, AZƏRTAC
Şamaxıda təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Fəal təlim – fəal şagird” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, təlim Şamaxı rayonunun A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin şagirdləri üçün təşkil olunub. Təlimin mövzusu layihə iştirakçılarının təlimatlandırılması və məktəbdaxili intellektual oyunların təşkili ilə bağlı olub. İştirakçılara layihə şərtlərini özündə əks etdirən təlimat materialları paylanılıb. Təlimçi Vasif Şıxıyev 3 ay müddətinə Şamaxı rayonunun bir neçə ümumtəhsil məktəbinin şagirdləri arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
“Fəal təlim – fəal şagird” layihəsi 2009-cu ildən etibarən orta ümumtəhsil məktəblərində tətbiq edilən Milli Kurikulum Strategiyasının əsasında və yalnız Şamaxı rayonunun kənd və qəsəbə məktəblərinin IX sinfində təhsil alan şagirdlər arasında reallaşdırılan bu tipli ilk rəsmi, intellektual layihədir.
Layihənin məqsədi müxtəlif tipli intellektual oyunlar vasitəsilə şagirdlərə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərini tanıtmaqdan ibarətdir. Həmçinin bölgələrdəki intellektual şagirdləri ictimaiyyətə tanıtdırmaq, şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də əsas hədəfdir.
Nargilə Şıxıyevanın rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunmuşdu. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.