CƏMİYYƏT
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 649 min 637 nəfərə çatıb
Bakı, 19 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 82 min 892 nəfərə fərdi şəxsi hesab açılıb. Həmin şəxslərin hər birinə uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək təqdim olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 1-nə olan məlumata görə, Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 152 min 959 nəfər və ya 4,4 faiz artaraq 3 milyon 649 min 637 nəfərə çatıb.
Fərdi şəxsi hesablarda sığortaolunanların gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar və ödənilən sosial sığorta haqları hesabına pensiya kapitalı toplanır. Hər bir sığortaolunan nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə real vaxt rejimində fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalı barədə məlumat əldə edə bilər.