DÜNYA
Finlandiya hökuməti iri şəhərlərdə vətəndaşların yerdəyişməsini qadağan etmək niyyətindədir
Stokholm, 26 mart, AZƏRTAC
Finlandiya hökuməti ölkənin ən iri şəhərlərində vətəndaşların yerdəyişməsini qadağan etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüsün müəllifləri koronavirus epidemiyasının “nəzarətsiz” yayıldığı və insanların sıx təmasda olduğu rayonlarda sərbəst hərəkətin müvəqqəti məhdudlaşdırılması barədə qanun qəbul edilməsini nəzərdə tuturlar. Söhbət, xüsusi halda, paytaxt Helsinki regionu, Espoo, Vantaa, Kauniaynen və Turku şəhərləri haqqında gedir.
Hökumətin bu təklifi ölkənin qanunverici orqanında təmsil olunmuş bütün partiyalar və qruplar tərəfindən baxılmaq üçün parlamentə daxil olacaq.
Qanunvericilik təşəbbüsü qida məhsulları, dərmanlar və ya həyat fəaliyyəti üçün zəruri olan başqa malları almaq üçün çıxış istisna olmaqla, başqa hallarda yaşayış yerinin tərk edilməsinə ciddi qadağa tətbiq edilməsini nəzərdə tutur. İş və ya biznesin idarə edilməsi, banka və ya poçt şöbəsinə baş çəkmək, sosial və tibbi xidmətlərdən istifadə, zəruri xidməti işlərin görülməsi, ailə üzvünün dəfninin təşkili və ya dəfn mərasimində iştirak, təhsil müəssisəsinə baş çəkmək, ev heyvanlarına qulluq üzrlü səbəblər hesab olunacaq. İnsanların idmanla məşğul olmaq üçün yaşayış yerlərini tərk etmələrinə də icazə veriləcək.
Hökumət əhaliyə izah edib ki, müəyyən rayonlarda epidemiyanın yayılmasının ləngidilməsi üçün sıx əlaqələrin və hərəkət azadlığının ciddi məhdudlaşdırılması zəruridir.
Qeyd edək ki, bu qanun qəbul ediləcəyi halda Finlandiya ölkədə koronavirusun yayıldığı bütün müddət ərzində ən sərt məhdudiyyətlər tətbiq edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm