DÜNYA
Finlandiyanın Hərbi Hava Qüvvələri genişmiqyaslı təlimlərə başlayır
Bakı, 3 oktyabr, AZƏRTAC
Finlandiyanın Hərbi Hava Qüvvələri İsveç hərbçilərinin iştirakı ilə genişmiqyaslı “Ruska 22” (fin dilindən tərcümədə “Qızıl payız”) təlimlərinə başlayır.
AZƏRTAC Finlandiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Finlandiya Hərbi Hava Qüvvələrinin bütün bölmələrinin iştirak edəcəyi təlimlər oktyabrın 3-8-də baş tutacaq. Təlimlərə 3700 hərbçi, o cümlədən ehtiyatda olan 2400 əsgər cəlb olunacaq.
Manevrlərdə əksəriyyəti F/A-18 “Hornet” qırıcıları, “Hawk” təlim təyyarələri, həmçinin nəqliyyat təyyarələri olmaqla 50 təyyarə iştirak edəcək. Bundan başqa, İsveç Hərbi Hava Qüvvələrinin bölmələri və onların JAS 39 “Gripen” qırıcıları da təlimlərə cəlb olunacaq. Hərbi texnikalar Suomi ərazisi boyunca səkkiz aerodromda yerləşdiriləcək.
Təlim planına həm aşağı hündürlükdə, həm də 10 kilometr yüksəklikdə səsdən sürətli uçuşlar daxildir. Manevrlərin məqsədi “ehtiyatda olan hərbçilərin hazırlanması və İsveç Hərbi Hava Qüvvələri ilə əməkdaşlıqdır”.