ELM VƏ TƏHSİL
Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan mərasim keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, Fizika İnstitutu direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov Sovet Rusiyasının azərbaycanlılara qarşı dəfələrlə qırğın törətdiyini söyləyib. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində ən dəhşətli hadisələrdən biri olduğunu bildirib. Vurğulayıb ki, hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınayıb, ifşaedici və cəsarətli bəyanat verərək bu hadisəni xalqa qarşı cinayət adlandırıb.
C.Abdinov Azərbaycanın müstəqillik tarixindən danışıb və gələcək nəsillərin şanlı tarixi unutmamalı olduğunu qeyd edib.